Ağalar Məmmədov. Dilimiz haqqında bir neçə söz
Dilin özü – dildir.
M.Haydegger
Azərbaycan dilinin lüğət fondu maksimum 70-80 min söz və ifadədən ibarətdir. Bu rəqəm Qərb dillərində bizimkindən qat-qat artıqdır. Məsələn, alman dilində yarım milyonluq kəlmə xəzinəsindən söhbət gedir. Belə dillərin birindən, xüsusilə də elmi-terminoloji mətnləri tərcümə edərkən dil yetərsizliyimiz özünü acınacaqlı formada hiss etdirir. Az qala on sözə qarşı bir sözlə, təbir caiz isə, əliyalın qalırıq.
Mütəfəkkirin düşünmək üçün istifadə etdiyi dilin lüğət fondunun həcmi onun təsəvvür dünyasının həcmidir eyni zamanda. Yalnız Azərbaycan dili ilə dünya filosofu olmaq olmaz. Ümumiyyətlə, mənim fikrimcə, öz təfəkkürünün müəyyən bir mərhələsində düşündüyü dilin kasadlığını hiss etməyən, dilinin ona artıq mane olduğunu, başqa bir dilə möhtaclığını sezməyən adam ciddi təfəkkür işi ilə məşğul deyil. Mən bunu deyərkən, mütaliə etmək məqsədilə xarici dil öyrənməyi nəzərdə tutmuram.
Eskimoslarda qarın, ərəblərdə dəvənin cürbəcür adlarının olması kimi, bizim dilimizdə də, palçığın bir neçə adı var: zığ, lehmə, lığ, qarama, batdaq, palçıq... Hamısı da doğma ana dilimizdə. Biz, tutalım, ərəb dəvələrinin adlarını tərcümə etməyə söz tapa bilmədiyimiz kimi, şirin suya, yağışa həsrət qalmış ərəblər də bizim növbənöv "palçıq"larımızı tərcümə edə bilməzlər.
Əsrlər boyu siyasi-mədəni müstəqilliyimizin olmadığı vəziyyətdə, xalq dilinə üz tutan mütəfəkkirlərimizin yetişə bilməməsi, nəticədə də ana dilimizin özgə dillər hesabına inkişaf etməsi və zənginləşməsi, amma eyni zamanda da çirklənməsi tamamilə təbii haldır. Ona görə də, təəccüblü və gözlənilməz deyildir ki, kəlmə fondumuzun yarısından çoxu (mən yanılmıramsa, 70%-i) alınma sözlərdir. Sadə xalq kütləsi isə alınma sözlərlə dilini nə zənginləşdirmiş, nə də çirkləndirmişdir. Hər halda Azərbaycan kəndli dilinin təmizliyi, amma kasadlığı sübuta ehtiyacı olmayan aydınlıqdır (yuxarıda verdiyim palçıq misalı). Amma digər tərəfdən, ali üləma təbəqəsi və klassik şairlərimiz dilimizin həm terminoloji imkanlarını genişləndirmiş, amma həm də onun saflığına xələl gətirmişlər. Mən belə hesab edirəm ki, bizdə xalq-ziyalı, kütlə-şəxsiyyət uçurumunun ən ilkin səbəbi xalq dili ilə elmi dil arasındakı anlaşılmazlıqdır. (Təkcə bu abzasda işlənmiş sözlərin 60%-i azərbaycan dilində deyil!)
Dilimiz özgə dillər hesabına o dərəcədə çirklənmişdir ki, alimin öz ana dilində yazmaq arzusu və yaxud onun qarşısında belə bir tələbin qoyulması bu gün elmi-fəlsəfi sahələr üçün çox az əhəmiyyət daşıyır. Konkret olaraq, əgər söhbət fəlsəfədən gedirsə, son dərəcə cüzi həcmdə bir anadilli terminologiya ilə yazmağın, yazını bütövlükdə başqa bir dildə yazmaqdan elə də ciddi fərqi yoxdur. "Elmi-fəlsəfi-terminoloji azərbaycan dili" anlayışı indilik paradoksal səslənir. Gəlin, rəqəmlərə müraciət edək. Ümumdünya fəlsəfə terminləri fonduna daxil olmuş terminlərin arasından ana dilimizə çevirə bildiyimiz cəmi-cümlətanı 12 söz var. Fəlsəfəmizin dilində "azərbaycanca" olan 12 doğma terminimiz aşağıdakılardır: anlayış, anlama, bütövlük, duyğu, düzgün(lük), gerçəklik, qavrayış, özgələşmə, sonsuzluq, üstqurum, varlıq, yanılma. Onu da qeyd edək ki, dünyada fəlsəfi terminlərin sayı təqribən 2500 civarındadır. Belə olan halda, 12 termin bu rəqəmin güc-bəla ilə yalnız 0,5%-ni təşkil edə bilir. Mən buna görə deyirəm ki, ana dilimizdə fəlsəfə hələlik contradictio in adjectodur.
Dilimizin təhsildə yaratdığı problemlərdən biri də konseptual-kateqorial aparatımızın bir neçə dilin təsirində qalaraq formalaşmış olmasıdır. Nəticədə, məzmun baxımından bir-birinə qohum terminlər bizim dildə qohum görünmürlər. Məsələn, ingilis "city" (şəhər), "citizen" (vətəndaş) və "civilisation" (mədəniyyət) kəlmələrinin eyniköklülüyünü dilində yaşadır. Bizə isə anlamaq da çətindir ki, vətəndaşlıq şüuru şəhər mədəniyyətinin məhsuludur. Çünki "şəhər", "vətəndaş", "mədəniyyət" – bunlar tamam ayrı-ayrı mənşədən törəmiş sözlərdir. İngilis dilində isə bu terminlər vahid ailə meydana gətirən etimoloji ortaqlığa malikdirlər və biri digərindən törəyir. (Bu məsələyə bizim diqqətimizi mühüm bir yazısıyla türk filosofu, professor M.Belge cəlb etmişdir).
Terminoloji aparatımız təhsilimizdə də çox ciddi problemlər yaradır. Sadə xalq və yaxud da müəyyən məhdud bir sahədə ixtisaslaşmış insanlar sözlərin spesifik terminoloji mənalarını bilmirlər. Bu, yəqin ki, dünyanın elə hər yerində təxminən eynidir. Məsələn, sadə bir alman da "das Wesen" (oxunuşu: das vezen) sözünün terminoloji-fəlsəfi mənasınmı bilmir. Baxmayaraq ki, alman filosofları bu kəlmənin açımına cildlərlə kitab yazıblar. "Wesen" mahiyyət deməkdir. Yaxud da "der Schein" (oxunuşu: der şayn) sözünün fəlsəfi məna yükü sadə almana yaddır. "Schein" təzahür deməkdir. Lakin nə qədər cahil olursa olsun, hər bir alman Wesen, Schein kimi sözləri bilir, tanıyır, onların sadə kəlmə mənalarını anlayır. Çünki gündəlik alman dilində Wesen, Schein kimi sözlər leksikal olaraq işlədilir, amma qeyri-fəlsəfi mənalarda. Bizim gündəlik, adi danışıq dilində isə mahiyyət (Wesen), təzahür (Schein) kimi sözləri eşitmək nadir hadisədir. Almandan fərqli olaraq, belə sözlərin nəinki terminioji mənası, ümumiyyətlə heç özləri (səs olaraq) işlək xalq dilinə daxil deyil. Ona görə də, öz təhsilinin ilk pilləsində bildiyi sözlərin yeni teminioloji mənaları ilə deyil, tamamilə yeni sözlərlə qarşılaşan tələbə az qala yeni bir dil dünyasına düşmüş olur və çaşıb qalır. Bu, fəlsəfə təhsili almağa başlayan tələbələr üçün xüsusilə çətin və dolaşıq hal yaradır. Çünki fəlsəfədə dil onsuzda ən mürəkkəb həddə gəlib çatır. Ona görə də, sadə xalq dilini bilən azərbaycanlı tələbənin "fəlsəfə çətindir" etirazı heç də həqiqəti tam əks etdirmir. Dilin (əslində babalarımızın) günahı fəlsəfənin üstünə atılmamalıdır. Mən fəlsəfəni azərbaycan dilində anlayan adam təsəvvür edə bilmirəm.
Sadə almanın sadə azərbaycanlıdan fərqli olaraq, Wesen, Schein kimi sözləri bilməsinin səbəbi alman fəlsəfəsinin terminologiyasının xalq dili üzərində qurulmuş olmasıdır. Bu prosesdə Xr. Tomasi, Xr. Volf, Y. Böme, V. Leibnits, M. Luter, M. Ekhart kimi mütəfəkkirlər böyük rol oynayıblar. Latındilli fəlsəfədən alman dilli fəlsəfəyə keçidin prinsipi o dövrdə belə ifadə edilmişdi: "xalqın ağzına baxaraq". Yəni fəlsəfə xalqın danışdığı dildə olmalıdır. Yeri gəlmişkən, xalqın təsəvvüründə heç bir empirik əsası olmayan terminlərlə qurulmuş sxolastik təfəkürə son verən amillərdən biri də məhz terminologiyası xalqın ağzı ilə qurulmuş fəlsəfə olmuşdur. Məsələn, "mütləq" (absolyut) məfhumuna azərbaycanlı fəlsəfə professorunu inandırmaq daha asandır, sadə azərbaycanlıya isə yox. Fəlsəmizin dilini azərbaycancalaşdırdıqca, təfəkkürümüz mövhumatdan xilas olacaq.
"Ana dilimzdə elm və fəlsəfə" bizim üçün hər halda dairənin kvadratlanması qədər qeyri-mümkün olmamalıdır. Vaxtilə ali üləmalarımızın (xalq dilindən uzaqlaşaraq) getdiyi yolu, indi müasir qələm əhlimiz (xalq dilinə yaxınlaşaraq) geri qayıtmalıdır.
Xalq dili ilə elmi dilin bir-birindən uzaq düşməsinin nəticələrindən biri də xalqın cahil qalması və alimin də xalq söykənəyindən məhrum olmasıdır. Xalq öz alimini anlamır, alim öz xalqına səslənə bilmir. Elmin xalqa enə bilməsi üçün dilin xəlqiləşməsi lazımdır. Heç təsadüfi deyil ki, Mirzə Cəlil, M.Ə. Sabir, Həsən bəy Zərdabi kimi böyük Azərbaycan maarifçiləri o dövrün, mümkün olduqca, xalq dilində elmi maarifləndirmə aparırdılar. İlk dəfə olaraq ilk alman maarifçisi Xr. Tomasi (1655-1728) xalqın fəlsəfəni anlaya bilməsi üçün onu latın dilindən hamının başa düşə bildiyi alman dilinə gətirməyi qarşısına məqsəd qoymuş, alman dilində fəlsəfə terminlərini təkbaşına yaratmaq işinə başlamışdır.
Yuxarıda da qeyd edildiyi kimi, bu problem eyni zamanda milli təhsilimizin də problemidir. Elmi-terminoji dili xalq dilində yenidən qurmadan effektiv təhsilə nail olmaq mümkün olmayacaqdır.
Dil uçurumunun fəlakətli nəticələrindən biri də onun sosial bütövlüyə mane olmasıdır. K.Popperə görə, açıq cəmiyyətin şərtlərindən biri vətəndaşların ictimai məsələlərin müzakirəsinə fəal qoşula bilməsidir. Amma yəqin ki, Popper bizim bu tezisimizə etiraz etməzdi ki, bunun üçün ilkin şərt cəmiyyətdə real kommunikasiyaya real imkan yaradan anlaşıqlı ümumictimai dildir. Demokratik cəmiyyətdə dil uçurumu yaradılmır, əksinə, aradan qaldırılır ki, cəmiyyətin əksəriyyəti medianı anlaya bilsin. Bizdə xüsusilə, son illərdə formalaşan yeni mediatik dilin yaratdığı baryer ucbatatından, heç də əksəriyyət cəmiyyətdə gedən prosesləri yaxından müşahidə edə bilmir. Nəticədə vətəndaşlıq şüuru zəif inkişaf edir, siyasi fəallıq (seçkilərdə iştirak və s.) qənaətbəxş səviyyəyə qalxa bilmir.
H.C.Qadamer bir dilin tarixi laylarının hər birinin müəyyən bir dünyabaxışın daşıyıcısı olduğunu və hər bir dünyagörüşün müəyyən bir dillə və dildə ötürüldüyünü irəli sürür. Əgər bu doğrudan da belədirsə, onda Orta əsrlərdə ərəb-fars dini-sakral dünyabaxışı altında formalaşmış fəlsəfi aparatımızla müasir sekulyar Qərb təfəkkürünü düzgün anlamaq asan olmayacaqdır. M.Haydegger iddia edirdi ki, qədim yunan fəlsəfəsi xristianlaşmış latın dilində başa düşülə bilməz, o, yalnız qədim yunan dilinin özü ilə başa düşülməlidir.
Azərbaycanda bəziləri bu düşüncədədir ki, bütün dillər bir-birindən təsirlənmişdir, o cümlədən də bizim dil. Birincisi, bu iddia korrekt deyil. İkincisi, belələri hələ də dilin vasitə olduğunu zənn edirlər. Əvvəla, dil sadəcə nitq kimi vasitədir, mahiyyətcə o, vasitə olmaqdan artıqdır. Dil nitq deyil. Dilə ifadə və ünsiyyət vasitəsi kimi baxan bu pozitivist-instrumentalist yanaşma çoxdan köhnəlmişdir. Dilə məqsəd deyil, vasitə gözü ilə baxılmasının nəticəsidir ki, dilimiz bu gün inkişaf etmiş zəngin dillər siyahısına daxil deyil. Çünki əsas məqsəd, bir qayda olaraq, çatdırılmaq istənilən məzmunun ifadə edilməsi olmuş, dil ikinci plana keçmişdir: "təki mənanı çatdıra bilim, hətta başqa dildə olsa belə". Çox-çox təəssüf ki, indi də belə düşünülür. Nəticə isə göz qabağındadır. Nə etmək olar, fəlsəfənin dildən üzvi asılılığı əksər folosoflarımız arasında hələ də qəbul edilmiş həqiqət deyil...