Orxan Pamuk, “İSTANBUL: Xatirələr və Şəhər” – III fəsil
3. “Mən”
sevincli anlarımda - uşaqlığım belə anlarla dopdoludur - öz varlığımı deyil, dünyanın yaxşı, gözəl, xoş, günəşli olduğunu hiss edərdim. Sevmədiyim yemək, pis dad, əlimə batan iynə, körpəykən qaçmağım üçün salındığım taxta qəfəsin (nədənsə park deyilərdi) taxtalarını qəzəblə dişləmək, ya da ən qorxulu uşaqlıq xatirələrimdən birində olduğu kimi barmağımı əmimin maşınının qapısının arasında qoyub saatlarca ağlamaq, (rentgen çəkən həkimin yanına qorxulu ziyarət) öz mənimi deyil, mənə qaçınılmalı olan pislik və ağrı fikrini öyrədirdi. Amma öz şüurumun gediş-gəlişləri, xəyalları, gərginlikləri arasında özüm olduğum, bir “mən”im olduğu duyğusu da təqsirlilik duyğusu kimi ağır-ağır içimə işləyərdi. Məndən iki yaş böyük qardaşım məktəbə başladığı üçün dörd ilə altı yaşlarım arasında onunla qurduğumuz yoldaşlıq və bərabərlik duyğusundan uzaq qaldım. Onun gücündən, rəqabət duyğusundan qaça bildiyim, Pamuk binası və anamın şəfqəti ilə diqqəti günün uzun bir hissəsində bütünlüklə mənə qaldığı üçün özümü daha yaxşı hiss etdiyim bu iki məktəb ilində həm tənha qalmağı kəşf etdim, həm də heç unuda bilmədiyim ilk sarsıdıcı xatirələrimi toplayırdım.
Qardaşımın alıb oxuduğu şəkilli romanların dialoq hissəsini əvvəlcə ona oxudur, sonra o məktəbdəykən açıb, ondan dinlədiklərimi xatırlayaraq özüm “oxuyurdum”. Günorta yuxusu üçün məni yatağıma uzatdıqları, amma dərhal yatmayıb “Tommiks” jurnalının səhifələrinə baxdığım şirin və isti günortaüstü cinsiyyət üzvümün sərtləşdiyinin fərqinə vardım. Yarıçılpaq qızıldərilinin şəklinə baxarkən bu baş vermişdi. Belində nazik ipdən başqa heç nə olmayan qızıldərilinin cinsiyyət üzvünü gizlətmək üçün qasıqlarından aşağıya bayraq kimi bez parçası sallanırdı, bezin ortasına da yuvarlaq çəkilmişdi. Başqa bir gün yenə günorta yuxusu üçün pijamalarım geyindirilmiş, yorğanın altında uzanmışdım. Özümü tanıyandan bəri mənim olan oxşarımla danışarkən yenə eyni sərtləşməni hiss etdim. Sehrini başa düşmədiyim bu xoş, amma başqalarının görməsini istəmədiyim dəyişiklik elə həmin vaxt ayıya “mən səni yeyəcəyəm!” dediyim üçün gerçəkləşmişdi. Başqa zamanlarda da çox da artıq bağlılıq hiss etmədiyim ayıcığımı tutub eyni sözlərlə təhdid etdikdə bu qəribə sərtləşmə yenə oldu. “Mən səni yeyəcəyəm” sözünü ən çox anamın danışdığı nağılların qorxulu anlarında eşitmişdim. Klassik İran ədəbiyyatında şeytanların, cinlərin qardaşı olan və dörd əsr öncə hoqqalarla qısaboylu, quyruqlu qorxunc ucubələr (az təsadüf edilən əşya) kimi çəkildiyini illər sonra biləcəyim “div”lər, farscadan İstanbul türkcəsinə və nağıllarına keçərkən nəhəngləşmişdi. Bu nəhəngin nə olduğuna dair fikrimi “Dədə Qorqud” nağıllarından tərtiblənmiş kiçik bir kitabın cildində görüb əldə etmişdim. Bu kitabda eynilə qızıldərililər kimi yarıçılpaq, güclü və bir az da uzaqlaşdırıcı ucubə sanki bütün dünyaya hökm edirdi.
“Mən səni yeyəcəyəm” cümləsi anamdan eşitdiyim nağıllarda yeyib udmaq qədər öldürmək, yox etmək mənasını da bildirirdi. Həmin illərdə əmim projektor vasitəsilə əks etdirmə aparatı almış və Nişantaşındakı fotoqraf dükanından on-on iki dəqiqəlik qısa cizgi filmlərini (”Şarlo”, “Uolt Disney”, “Lorel” və Hardi”) kirayələyərək bayramlarda, yeni il axşamlarında buxarının üzərindəki ağ divarda (babam və nənəmin fotoşəkilləri mərasimlə düşürülürdü) bütün ailəyə göstərməyə başlamışdı. Əmimin inventar kiçik film kolleksiyasındakı qısa Uolt Disney filmi isə mənə görə iki dəfədən artıq göstərilmədi. Bu filmdə ağıldankəm, ağır və bir bina böyüklüyündəki vəhşi div kiçik Miki siçanı qovur, siçancığaz quyunun dibində gizlənir, div quyunu bir həmlədə torpaqdan qoparıb bir bardaq su kimi içincə, kiçik siçancığaz divin ağzına düşürdü ki, Orhan bu məqamda bütün gücüylə ağlamağa başlayırdı. Bundan sonra məni heç cürə sakitləşdirə bilmirdilər.
Qoyanın Prado muzeyindəki bir divin yerdən qapıb ağzına aldığı kiçik adam şəkli kimi gördüyüm “Saturn uşaqlarından birini yeyərkən” adlı rəsm əsəri məni hələ də qorxudur.
Günorta yuxu saatımda yenə ayıcığazımı təhdid edib, bir yandan da ona qəribə bir şəfqət göstərərkən, birdən qapı açıldı və atam paltarım aşağı düşmüş, lülüşüm sərtləşmiş vəziyyətdə məni bir anlığa gördü. Qapı açıldığından bir az daha yavaşca, amma o zaman belə hiss etdiyim hörmətlə bağlandı. Halbuki günorta vaxtı evə gələrək, yemək yeyib dincəldikdən sonra atam işə getməzdən əvvəl içəri girib məni öpərdi. Səhv hərəkət etdiyim, daha pisi bunu həzz üçün etməyim duyğusu yavaş-yavaş həzz hissini də zəhərləyərək içimə işləyirdi.
Başqa bir vaxtda anamla atamın bitib-tükənməyən dava-dalaşlarının birindən sonra anam evimizi tərk etmişdi. O evdən getdikdən sonra təzə gətirilən dayə zərblə məni yıxarkən yenə başıma eyni iş gəldi. Qadının şəfqətdən uzaq bir səslə mənim “köpək kimi” olduğumu söylədiyini xatırlayıram. Amma mənə həzz verən su, yuyunmaq, istilik kimi şeylər idi. Bütün bu təcrübələrimi ürküdücü, utandırıcı edən şey bədənimin bu reaksiyasını sadəcə yoxlaya bilməməyim deyildi. Daha pisi sərtləşmə deyilən şeyin yalnızca mənim başıma gələn qəribəlik olduğunu güman edirdim. Ancaq altı-yeddi il sonra orta məktəbdə, qızlarla oğlanların ayrı olduğu bir sinfə düşdükdə “mənimki qalxdı” kimi uşaq söhbətlərinə qulaq verdikdə sərtləşmənin yalnız mənə məxsus bir şey olmadığını anladım. Sərtləşmənin və pisliyin sadəcə mənə xas olduğu qorxusundan, içimdəki “pisliyi” gizlətməyimin vacibliyi nəticəsini çıxardım. Bu da mənə heç kimin çata bilməyəcəyi xarici aləmə qapalı ikinci dünyada yaşama alışqanlığını qazandırdı. Çox da müntəzəm olmayan sərtləşmədən əlavə, içimdəki pisliyin əsl qaynağının uyğunsuz xəyallar qurmaq olduğunu hiss edir, muzey-mənzillərin otaqlarında yaşayarkən çox vaxt darıxdığım üçün başqa bir yerdə yaşadığımı, başqa biri olduğumu təsəvvür edirdim. Fikrimdə sirr kimi saxladığım bu ikinci dünyaya qaçmaq çox asan bir iş idi. Nənəmin salonunda oturarkən məsələn, sualtı qayıqda olduğumu xəyalıma gətirirdim. O günlərdə ömrümdə ilk dəfə kinoteatra aparılmış, “dəniz altında iyirmi min fərsəx” adıyla səssizlikləri məni qorxudan Jules Verne-ni uyğunlaşdırdığı ssenaridə Bəyoğlunda, toz qoxulu Saray kinoteatrında baxmışdım. Ağ-qara filmin yarıqaranlıq səhnələri, kameranın heç cür kənarına çıxa bilmədiyi kölgəli daxili məkanları elə bizim evi xatırladırdı. Hələ alt yazıları oxuya bilmədiyim üçün bir çox şeyləri qaçırmışdım, amma qardaşımın şəkilli romanlarını da belə oxumurdummu? O məktəbə getdikdən sonra onun kitablarını açıb şəkillərinə baxar, xəyal gücümü işə salıb oxuya bilmədiklərimi özümdən quraşdırardım. Bu mənim üçün çox əyləncəli idi.
Başa düşmədiyim yerləri xəyal gücümlə uydurmaq çox asan idi (mənim üçün kitab oxuyarkən hələ də önəmli olan başa düşməkdən daha çox oxuduğum əsərə uyğun xəyallar qurmaqdır). Özümün də bir ucundan seçərək və şüurla yuxuya girən kimi uyğunlaşdırdığım bu xəyallar “sərtləşmə” kimi mənim əlimdə olmayan uzadılmalar deyil, mənim asanlıqla yoxlaya bildiyim aləmlər idi. Böyük çilçırağın altındakı taxta sinisi geniş, sədəf işləməli, oymalı masanı az qala Barok deyə biləcəyim işləmə və bəzəklərini xəyal gücümdə bir anda silər və oranın “oxuduğum” şəkilli romandakı böyük bir dağ olduğunu təsəvvür edər, eynilə bu böyük və qəribə dağ kimi orada da ayrı bir sivilizasiya olduğunu xəyal edərdim. Elə bu an otaqdakı bütün əşyaların hər birini dağ kimi görür, aralarında uçan təyyarə olub sürət götürürdüm.
“Ayaqlarını elə yelləmə, başım fırlanır” - deyə qarşımda oturan nənəm deyərdi. Yelləməzdim, amma xəyalımdakı təyyarə nənəmin əlindəki siqareti ciyərlərinə çəkmədən dumanında itir, nəzərlərim xalılardakı şəkillər arasında bundan əvvəl təşhis və kəşf etdiyim növ-növ dovşanlar, yarpaqlar, ilanlar və aslanlar içindəki meşəyə girər, oradan şəkilli romanlardan çıxma macəraya dalar, yanğın çıxardar, bir neçə nəfəri öldürər, ata minər, böyük qardaşımın əşyalarını o məktəbdəykən necə dağıtdığımı xatırlayırdım. Beynimin bir guşəsi mənzilin səslərini eşitdiyi üçün İsmayılın bizim mərtəbəyə getdiyini liftin qapısının örtülməsindən başa düşərdim. Elə bu an yarıçılpaq qızıldərililər arasında yeni bir macəraya doğru sürüklənərdim. Evləri yandırmaqdan, yanan evin içindəki insanlara güllə yağdırmaqdan, ya da yanan evin içindəykən bir tunel qazıb xilas olduğumu düşünməkdən, siqaret qoxuyan tü pərdəylə pəncərə şüşəsi arasına sıxışdırdığım milçəyi yavaş-yavaş əzib öldürməkdən, can verən milçək istilik sisteminin üzərindəki dəlikli taxtaya düşərkən cəzasını alan quldur olduğunu təsəvvür etməkdən xoşum gələrdi. Qırx beş yaşına qədər yuxuyla gerçəklik arasındakı o xoşagələn məqamda bunu düşünməyin mənim üçün yaxşı olacağını bildiyim üçün həmişə kimlərisə öldürürdüm. Bir qismi yaxın qohumum, hətta qardaşım kimi xeyli yaxın şəxslər, bir qismi siy asətçi, ədəbiyyatşünas, bir qismi ticarətçi, çoxu da xəyali olan bu şəxslərdən üzr istəyirəm. Pişikləri ürəkdən sevib, dostyana baxdığım, inancsızlıq, ümidsizlik və boşluq məqamında kimsə görmədən onlara zərbə vurub güldüyüm, sonra utandığım, içimn pişiyə şəfqətlə dolduğu anlar da çox oldu. İyirmi beş il sonra əsgərlikdəykən günorta yeməyindən sonra bütün bölük siqaret çəkib qeybət edərkən stullarda oturan və uzaqdan hamısı bir-birinə bənzəyən 750 əsgərin hamısının başının bədənindən qopmuş olduğunu, qanlı qida borularının, siqaret dumanının xoş və şəffaf maviyə boyadığı böyük bufetdə yavaş-yavaş yelləndiklərini xəyal edirdim ki, “ayaqlarını yelləmə, oğlum, yetər, mən yoruldum” - əsgər yoldaşlarımdan biri deyərdi. Uşaqkən eynilə sərtləşmə kimi sirri olaraq saxladığım, gizlətdikcə də zərərsizliyinə inandığım bu ikinci dünyanın varlığından təkcə atam xəbərdarmış kimi görünürdü. Qəzəbli və həyəcanlı anımda tək gözünü qopardığım, ya da qarnındakı dəlikdən bir az da saman çəkib arıqlatdığım ayıcığazımı fikirləşərkən, ya da ifrat sevgi və həyəcandan iki dəfə qırdığım üçün üçüncü dəfə alınan bir oyuncağı (başımdakı düyməyə vurunca təpik atan barmaq böyüklüyündəki futbolçu) üçüncü dəfə qırdıqdan sonra yaralı bədənini gizlətdiyim yerdə bəlkə də can verdiyini xəyal edərkən, ya da bizim mərtəbədəki xidmətçi Əsma xanımın Allahdan danışarkən inancıyla bitişikdəki damda gəzindiklərini iddia etdiyi kaftarlar barədə qorxa-qorxa düşünərkən birdən atam “fikrində nə var, söylə, sənə iyirmi beş qəpik verəcəm” deyərdi.
Fikrimdəkini söyləməyin, ya da yalan deməyin qərarsızlığıyla mən səssiz qalınca, gülümsəyərək əlavə edərdi: “Keçdi artıq, dərhal söyləməliydin”.
Atam da bu ikinci dünyada yaşamış ola bilərdimi? “Xəyal qurma” ifadəsinin çoxdan qanuniləşmiş olduğunu ancaq illər sonra anlayacağım o işi həmin vaxtlarda təkcə mənim beynimin qəribəliyi kimi fikirləşməyim nə dərəcədə doğru idi?
Fikrim sadəcə atamın söylədiyi sözün mənasına anlamağa getdiyi üçün deyil, narahatedici şeyləri, yaxşı niyyətlə unutma qabiliyyətim olduğu üçün də bu sualı özümə vermədən ötüb gedərdim. Xəyal qurmağı sadəcə öz qəribəliyim kimi dərk edib fikrimdən keçənləri gizlətməyimin bir başqa səbəbi də bu ikinci dünyanın mənə heç bir geri dönmə çətinliyi çıxarmaması idi. Nənəmlə üzbəüz oturarkən pərdələr arasından otağın içinə eynilə gecələr Boğaz gəmilərinin projektor işıqları kimi vuran günəş işığına gözlərimi dikib kirpiklərimi qırpsam, necə bir anda gözümün önündən lap istədiyim kimi qırmızı kosmos gəmiləri keçməyə başlayarsa, eyni şəkildə istədiyim xəyalı istədiyim kimi qurar, sonra otaqdan çıxarkən işığı söndürən birisi kimi (”işıqları söndür” ifadəsi uşaqlığımda ən çox eşitdiyim sözlərdən biridir) xəyalı bitirib rahatlıqla dünyaya geri dönə bilirdim. Napoleon olduğunu xəyal etməkdən xoşu gələn adamla özünü Napoleon hesab edən adam arasındakı fərq xoşbəxt xəyalpərəst ilə bədbəxt şizofreniyalı arasındakı fərqdir. Başqa dünyanı xəyal etmədən, başqa şəxsiyyətə çevrilmədən yaşaya bilməyən “şizofrenik” şəxsi çox yaxşı başa düşürəm. Amma ikinci aləmə əsir olduğu, geri dönə biləcəyi şən və möhkəm bir “əsl” dünyası olmadığı üçün şizofreniyalılara acıyır və onlara (gizlincə) yuxarıdan aşağı baxıram. Məni ikinci aləmə aparan, ya da İstanbulda başqa bir evdə başqa bir Orhan olduğunu, onun yerinə keçə biləcəyimi mənə düşündürən şey həyatın muzey-evin salon və dəhlizlərinin, xalıların (xalılardan zəhləm gedir) və riyaziyyatla tapmacaya həvəsli nikbin kişi yığıncaqlarının darıxdırıcı olması, mənəviyyatsızlıq, sevgisizlik, şəkilsizlik və ədəbiyyatsızlıq (nağılsızlıq) əlamətlərinin çox olması (yaşlandıqca bunu inkar etdilər) və evin ağzına kimi əşya ilə dolu, qaranlıq və boğucu yer olmasıydı, öz qəmginliyim deyildi. Çünki uşaqlığımda xüsusilə məktəbə başlamazdan əvvəlki iki ilə boyunca özümü çox xoşbəxt hiss edərdim. Zarafatyana da olsa deyim: təkcə ailə içində, dost-tanış arasında deyil, hər kəs tərəfindən çox “şirin”, “sevimli” hesab olunan, çox öpülüb qucaqdan qucağa gəzən, ağıllı, sakit bir uşaq idim. Öpüşlər, təriflər, şirin sözlər və meyvəsatanın pulsuz verdiyi almayla (”yumamış yemə” dərhal anam deyərdi) , quru meyvə satanın hədiyyə etdiyi əncir qurusu (”yeməkdən sonra yeyərsən” anam verən şəxsə gülümsəyib mənə də belə deyərdi) və küçədə rastlaşdığımız qohum xalanın verdiyi konfet (”təşəkkür elə” anam deyərdi) başqa bir çox şey kimi mənə fikrimdəki ikinci aləmin qorxuncluğunu, qəribəliyini, uyğunsuzluğunu gizlətməli olduğunu hiss etdirirdi. Uşaqlıqdan şikayətim divarların o biri tərəfini görə bilməmək, pəncərədən baxınca küçəni, hətta üzbəüz binanı deyil, sadəcə göy üzünü görə bilmək, polis idarəsinin qarşısındakı pis qoxulu qəsəbə (bir müddət sonra pis qoxusunu unudur, amma sərin havalı küçəyə çıxınca yenə xatırlayırdım) anamla getdikdə qəssabın hər biri ayağım uzunluğundakı bıçaqlarıyla əti kəsməsinə baxa bilməmək, dondurma qutularının içlərini, avadanlığını, masaların üzərini görə bilməmək, liftin və qapının düymələrinə əlini uzada bilməməklə bağlı idi. Küçədə kiçik bir yol qəzası olduqda, ya da birdən-birə atlı polislərin keçdiyini gördükdə böyüklər önümdə dayanır, baş verənlərin yarısını əldən qaçırırdım. Atamın çox erkən yaşda bizi apardığı futbol matçlarında birdən-birə təhlükəli vəziyyət yarandıqda önümüzdəki sıradakı adamlar bir anda ayağa qalxar, qolların necə atıldığını görə bilməzdim. Amma matçlarda fikrim topda deyil, atamın bizə aldığı pendirli kökələrdə, qoğallarda, qızılı kağıza bükülmüş şokoladlarda olduğu üçün bunu böyük qardaşım qədər özümə dərd etməzdim. Qardaşım isə buna görə hirslənər, futbol meydançasını görə bilmədiyini atama deyər, o da qardaşımı çiyinlərinin üzərinə qaldırardı.
Ən nifrət etdiyim şey oyun bitdikdə bir-birilərini itələyə-itələyə irəliləyən kişi qələbəliyinin ayaqları arasında sıxışıb həbs olmaq, burada nəfəs belə almağa çətinlik çəkərək bütün dünyanı əzilmiş şalvarlar və palçıqlı ayaqqabılardan düzəlmiş qaranlıq və havasız kişi ayaqları meşəsi kimi görmək idi. Anam kimi gözəl qadınlar istisna olmaqla böyükləri çox sevdiyimi söyləyə bilmərəm. Çirkin, tüklü və kobud idilər. Həddən artıq yavaş, ağır və həqiqətpərəst idilər. Dünyanın içində gizli bir ikinci dünya olduğunu bir zamanlar görmüş, amma heyrətlənmə və xəyala dalmaq qabiliyyətlərini itirmişdilər. Məni sevimli hesab etmələri, nə qədər şirin olduğumu həmişə söyləmələri, məni görüncə şirin-şirin gülümsəmələri, hədiyyələrlə ərköyünləşdirmələri xoşuma gəlirdi, amma dəqiqədəbir öpmələrindən narahat olurdum. Nəfəslərindən gələn siqaret, ya da ağır ətir qoxusundan xoşum gəlməzdi, üzlərindəki tüklər, saqqalları üzümü dalayardı. Kişilərin barmaqlarının üst hissəsindəki, boyunlarındakı və qulaqlarının, burunlarının içini basan tüklərdən xoşlanmaz, onların daha pis, daha bayağı məxluq olduqlarını düşünürdüm. Bütün bu şikayətlər mövzunu evdən kənardakı həyata, küçələrə və İstanbula gətirir.
( Ardı var)

salam qardas necesen qoy bele edek kim allaha ve ya eytana ve yada ateizm emel edirsen qoy o dunyada haq ber qerar olar ve menim qardasim men isderdim ki oturub senle yaxsi dinler haqqinda sohbetler edek men dinim saytima bax bileceksen nedi yasasin azadlig
!
Fevral 4, 2008 21:16