M.Haydegger
Azərbaycan dilinin lüğət fondu maksimum 70-80 min söz və ifadədən ibarətdir. Bu rəqəm Qərb dillərində bizimkindən qat-qat artıqdır. Məsələn, alman dilində yarım milyonluq kəlmə xəzinəsindən söhbət gedir. Belə dillərin birindən, xüsusilə də elmi-terminoloji mətnləri tərcümə edərkən dil yetərsizliyimiz özünü acınacaqlı formada hiss etdirir. Az qala on sözə qarşı bir sözlə, təbir caiz isə, əliyalın qalırıq.
Mütəfəkkirin düşünmək üçün istifadə etdiyi dilin lüğət fondunun həcmi onun təsəvvür dünyasının həcmidir eyni zamanda. Yalnız Azərbaycan dili ilə dünya filosofu olmaq olmaz. Ümumiyyətlə, mənim fikrimcə, öz təfəkkürünün müəyyən bir mərhələsində düşündüyü dilin kasadlığını hiss etməyən, dilinin ona artıq mane olduğunu, başqa bir dilə möhtaclığını sezməyən adam ciddi təfəkkür işi ilə məşğul deyil. Mən bunu deyərkən, mütaliə etmək məqsədilə xarici dil öyrənməyi nəzərdə tutmuram.
Eskimoslarda qarın, ərəblərdə dəvənin cürbəcür adlarının olması kimi, bizim dilimizdə də, palçığın bir neçə adı var: zığ, lehmə, lığ, qarama, batdaq, palçıq... Hamısı da doğma ana dilimizdə. Biz, tutalım, ərəb dəvələrinin adlarını tərcümə etməyə söz tapa bilmədiyimiz kimi, şirin suya, yağışa həsrət qalmış ərəblər də bizim növbənöv "palçıq"larımızı tərcümə edə bilməzlər.
Əsrlər boyu siyasi-mədəni müstəqilliyimizin olmadığı vəziyyətdə, xalq dilinə üz tutan mütəfəkkirlərimizin yetişə bilməməsi, nəticədə də ana dilimizin özgə dillər hesabına inkişaf etməsi və zənginləşməsi, amma eyni zamanda da çirklənməsi tamamilə təbii haldır. Ona görə də, təəccüblü və gözlənilməz deyildir ki, kəlmə fondumuzun yarısından çoxu (mən yanılmıramsa, 70%-i) alınma sözlərdir. Sadə xalq kütləsi isə alınma sözlərlə dilini nə zənginləşdirmiş, nə də çirkləndirmişdir. Hər halda Azərbaycan kəndli dilinin təmizliyi, amma kasadlığı sübuta ehtiyacı olmayan aydınlıqdır (yuxarıda verdiyim palçıq misalı). Amma digər tərəfdən, ali üləma təbəqəsi və klassik şairlərimiz dilimizin həm terminoloji imkanlarını genişləndirmiş, amma həm də onun saflığına xələl gətirmişlər. Mən belə hesab edirəm ki, bizdə xalq-ziyalı, kütlə-şəxsiyyət uçurumunun ən ilkin səbəbi xalq dili ilə elmi dil arasındakı anlaşılmazlıqdır. (Təkcə bu abzasda işlənmiş sözlərin 60%-i azərbaycan dilində deyil!) Davamı...


LaVey: 
