ALLAHIN TELEOLOJİ İSBATI VƏ TƏNQİDİ
Bu isbat allah isbatlarının ən yayğın olanıdır. Bu isbatı demək olar ki, hamı bilir. İslamda bu isbata “nizam dəlili” adı verilir. Çünki bu isbatda təbiətin nizamlılığından çıxış edilir. “Teleologiya” (teleoloji) qədim yunan dilində “telos” (məqsəd) sözündəndir. Bu isbata ona görə belə bir ad vermişlər ki, bu isbata görə, təbiətdəki nizam özbaşına, kor-təbii təsadüfən ortaya çıxa bilməz, arxasında məqsədli, şüurlu bir varlıq dayanmalıdır. Bu da allahdır! Allah isbat edildi.
Bir az da geniş izah edim. Biz təbiətdə daim nizamlılıq, planlılıq, düzüm görürük. Təbiətin istənilən prosesində kifayət qədər heyrətamiz qanunauyğunluqlar var. Adətən bu isbata verilən misal saat misalıdır. Necə ki, mürəkkəb bir mexanizm kimi saat özbaşına, kor-təbii, təsadüfən, damdandüşmə meydana gələ bilməz və mütləq bu mexanizmin arxasında hansısa bir məqsədli, ağıllı bir qüvvə dayanmalıdır; onda saatdan milyard dəfələrlə çox dərəcədə mürəkkəb olan təbiət mexanizminin də ağıllı, məqsədli, plan quran yiyəsi, yaradıcısı, memarı olmalıdır. Bax, bu, allahdır. Beləliklə, allah isbat edildi.
Fəqət tarix boyu bu isbat mütəfəkkirlər tərəfindən müxtəlif tənqidlərə tuş olmuşdur. İndi gəlin bu tənqidləri bir-bir öyrənək:
Birinci tənqid: Bu isbatda təbiətdə nizamın olmasından çıxış edilir. Soruşulur ki, əgər təbiət indi olduğu kimi yox, başqa bir formada olsaydı onda o, “nizam” sayılmayacaqdı? Nədir axı nizam? Məsələn, insan ikigözlü deyil, üçgözlü olsaydı, yağış göydən yerə yağmayıb, yerdən yuxarı fışqırsaydı və s. bu, nizam olmayacaqdımı? Onda belə çıxır ki, nizam deyilən fenomenin yalnız və yalnız bir variantı var və o da bizim planetimizdə gördüyümüzdür. Başqası yoxdur. Belə çıxır ki, bu isbatda mövcud olmağın müəyyən variantlarından birinə (bizim təbiətə) ixtiyari olaraq “nizam” adı verilir və sonra da bu nizamın arxasında bir memarın - allahın - dayanması məntiqi zərurətə çevrilir.
Davamı...